d
Follow us

Dəvət

HÖRMƏTLİ HƏMKARLAR!

Böyük qürur, hörmət və ehtiram hissi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz ilk milli konqresimizi, “1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo”nu (AZLTK & LAB EXPO 2023) müvəffəqiyyətlə keçirdik.

600-dən çox iştirakçı ilə keçirilən Konqresin ardından Sizdən gələn çoxsaylı təşəkkür məktublarında ifadə etdiyiniz məmnuniyyət mesajları bizi daha da ruhlandırmış, elmi cəmiyyətimizin məqsəd və hədəflərinə çatmaq üçün böyük əzm, şövq və həvəslə çalışmağımız üçün ilham mənbəyi olmuşdur.

Ötən ilin sonunda Lənkəran şəhərində təşkil etdiyimiz və 150-dən çox iştirakçı ilə gerçəkləşən 4-cü Regional Simpoziuma olan yüksək marağınız, Simpozium məkanında olan yer məhdudiyyəti səbəbindən qeydiyyat prosesini erkən dayandırmağımıza səbəb oldu. Bu da ölkəmizin laborator tibb mütəxəssislərinin müasir biliklərə, elmi və texniki tərəqqiyə olan yüksək marağının və özlərini inkişaf etdirmək həvəsinin bariz göstəricisidir.

 Konqres çəçivəsində təşkil etdiyimiz Lab Expo ölkəmizin səhiyyə tarixində ilk dəfə olaraq dünya laborator tibb sənayesinin 20-dən çox təmsilçisini çoxsaylı laborator tibb mütəxəssisləri ilə bir araya gətirmiş, distributor şirkətlər üçün yeni imkanlar yaratmış, bu da öz növbəsində müasir texnologiyaların ölkəmizə idxalına ciddi təkan vermişdir. Ölkəmizdə İcbari Tibbi Sığorta (İTS) modelinin uğurlu tətbiqinə adekvat olaraq son dövrlərdə dövlət səhiyyə müəssisələrinin tibbi laboratoriyalarında ciddi islahatlar həyata keçirilir. İTS-in tətbiqi bu sahəyə olan tələbatı əhəmiyyətli dərəcədə artırdığından AZKLMİB-dən də istər üzvlərimizin davamlı tibbi təhsili, inkişafı və beynəlxalq arenaya inteqrasiya, istərsə də müasir laborator tibb texnologiyalarının idxalı və mənimsənilməsi baxımından mühüm addımlar və məqsədyönlü fəaliyyət tələb olunur.

İlk Konqresdən sonra AZKLMİB bir sıra yeni naliyyətlər əldə etmişdr. Artıq məlumat verdiyimiz kimi, elmi cəmiyyətimiz laborator tibb sahəsində iki beynəlxalq mötəbər federasiyaya – IFCC və EFLM-yə tam hüquqlu üzv qəbul edilmişdir. AZKLMİB əldə olunmuş nailiyyətlərin məsuliyyəti və sizlərdən aldığı ilham ilə 2-ci beynəlxalq konqresinə daha böyük qüvvə və səy ilə hazırlaşmaqdadır.

Beləliklə, AZKLMİB tərəfindən təşkil olunacaq 2-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo-nun (AZLTK & LAB EXPO 2024) 02-04 May 2024-cü il tarixlərində Baku Fairmont Hotel Flame Towers-də keçiriləcəyini məmnuniyyət hissi ilə elan edirik. Bu ilki konqresimiz “Yaşıl dünya naminə həmrəylik ilində yaşıl və davamlı laboratoriyalar üçün…” mottosu/şüarı ilə keçiriləcəkdir. Bu şüarı heç də təsadüfi seçməmişik. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Sərəncam imzalanıb. Həmçinin, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək. Ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. 

Biz də Azərbaycanın Laborator tibb ictimaiyyətı olaraq  “Yaşıl dünya naminə həmrəylik ili”nə və ölkəmizdə keçiriləcək bu önəmli tədbirə öz töhfələrimizi verəcək, Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının “Yaşıl və davamlı labratoriyalar” layihəsi çərçivəsində ölkəmzdə atılmasını əhəmiyyətli gördüyümüz addımları həmkarlarımızın və maraqlı tərəflərin müzakirəsinə çıxaracağıq.

AZLTK & LAB EXPO 2024 ilk konqresdə olduğu kimi, Türkiyənin KBUD, KLİMUD dərnəklərinin, eləcə də üzvü olduğumuz beynəlxalq və Avropa federasiyalarının dəstəyi və bilavasitə iştirakı ilə təşkil olunacaqdır.

İlk Konqresimizdə Azərbaycanda laborator tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş görkəmli elm adamlarımızın xatirəsini unutmadıq. Gələcəyimiz olan gənclərimizin elmi işlərini dəstəklədik. Keçmişə hörmət, ehtiram və sədaqət; gələcəyə inam düsturunu rəhbər tutaraq gənclərimizə karyeralarında və elmi araşdırmalarında dəstək olmağa davam edəcəyik. Gənc mütəxəssislərimizin elmi işlərinin tezisləri ilə konqresdə aktiv iştiraklarını gözləyirik. Bu konqresimizə də yüksək yer tutacaq elmi işlər üçün mükafatlar təsis olunubdur.

Hörmətli həmkarlar!

Bu ilki konqremiz daha mühüm bir cəhəti ilə də fərqlənir. Ölkəmizin səhiyyəsi üçün antibiotiklərin rasional istifadəsinin və antibiotiklərə rezistentlik məsələlərinin mühüm aktuallığını nəzərə alaraq, AZLTK & LAB EXPO 2024 çərçivəsində Türkiyənin ANKEM Dərnəyi ilə birlikdə ANKEM (Rasional Antibiotik İstifadəsi) Simpoziumu da təşkil edirik. Simpozum proqramında nüfuzlu elm adamları, klinik mikrobiologiya və infeksion xəstəliklər üzrə mütəxəssislər tərəfindən tərtib olunmuş elmi panellər yer alacaqdır. Bu da Konqresimizi Laborator Tibb sahəsinin mütəxəssisləri ilə yanaşı, infeksionistlər, reanimotoloqlar, cərrahlar və antibiotiklərdən geniş istifadə edən digər mütəxəssislər üçün də aktual və cəlbedici edəcəkdir.

AZLTK & LAB EXPO 2024-də laborator tibbin bütün sahələrini əhatə edən, bir-birindən maraqlı simpozium, panel, konfrans və sosial proqramlar yer alacaqdır.

Konqreslə bağlı digər məlumatlar vaxtaşırı olaraq Konqresin www.azltk2024.org  rəsmi saytından və sosial media hesablarımızdan paylaşılacaqdır.

Dövlət Suverenliyini tam bərpa etmiş, çiçəklənən, müstəqil və güclü Azərbaycanın qürurlu vətəndaşları olaraq hamınızı Konqresin işində aktiv iştirak etməyə dəvət edirik!

“Yaşıl dünya naminə həmrəylik ilində yaşıl və davamlı laboratoriyalar üçün…”

Hörmətlə,

 

Konqresin həmsədrləri

Prof. Dr. Arif Əfəndiyev, Dos. Dr. Ramin Bayramlı